Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) Fransa Milli Assambleyasının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə
qarşı qəbul etdiyi qətnaməyə dair bəyanatı.
Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) olaraq, 2025-ci il iyulun 22-də Fransa Milli Assambleyasında “Respublikaçılar” Partiyasının təşəbbüsü ilə qəbul olunmuş və açıq şəkildə anti-Azərbaycan məzmunu daşıyan qətnaməni qətiyyətlə pisləyir, Fransa parlamentini beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qalmağa və ikili standartlardan imtina etməyə çağırırıq. Həmin qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə meydan oxunması, eyni zamanda qondarma “Artsax” rejiminin legitimləşdirilməsi cəhdləri beynəlxalq hüquqa və ədalətə zidd olmaqla yanaşı, Azərbaycanın haqlı və ədalətli mövqeyinə qarşı yönəlmiş siyasi manipulyasiya kimi qiymətləndirilir. Belə təşəbbüslər həm BMT Nizamnaməsinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına ziddir və regionda davamlı sülhün və sabitliyin bərqərar olunmasına ciddi maneələr yaradır. Fransa Milli Assambleyasının müstəqil və suveren bir dövlət olan Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, separatçı qüvvələrə açıq və birtərəfli dəstək nümayiş etdirməsi, Fransanın beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə münasibətində ciddi suallar doğurur. Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) olaraq bir daha bəyan edirik ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönəlmiş istənilən cəhdə qarşı qətiyyətlə çıxış edəcək, beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə etməyə davam edəcəyik.