Xocalı Soyqırımının 32-ci ildönümü Brüsseldə anıldı
Brüssel, Belçika 24 Fevral 2024
Fevralın 24-də Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının (AAATŞ) baş katibi Sahil Qasımovun təşəbbüsü və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri cənab Vaqif Sadıqovun dəstəyi ilə Brüsseldə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş Anım Mərasimi təşkil olunmuşdur.
Tədbir Belçikanın dövlət əhəmiyyətli rəsmi tədbir məkanlarından biri olan "Konqres Sütunu" Memorial Kompleksi önündə keçirilmişdir. Anım mərasimində AAATŞ üzvləri, Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri, diplomatik korpus nümayəndələri, Azərbaycanın NATO-dakı missiyasının əməkdaşları, Belçika Müdafiə Nazirliyinin, Veteranlar Birliyinin təmsilçiləri, ictimai xadimlər, habelə Azərbaycan xalqına həmrəylik göstərmək məqsədilə Belçikanın yerli ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Anım mərasimi zamanı iştirakçılar "Konqres Sütunu" Memorial Kompleksini ziyarət edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmiş, faciənin qurbanlarına həsr olunmuş çıxışlar etmişlər.
Xocalı soyqırımının 32-ci ildönümündə təşkil olunmuş bu tədbir erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq ictimaiyyətə bir daha çatdırılması və faciənin unudulmaması məqsədi daşıyırdı.
Anım tədbirindən sonra iştirakçılar Azərbaycanın Belçika Krallığındakı səfirliyində keçirilən Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının təsis konfransına qatılmışlar.
Brüssel, 24 fevral 2024
24 fevral 2025-ci il tarixində Belçika Krallığının, eyni zamanda Avropa İttifaqının paytaxtı Brüsseldə azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu olan Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) təsis konfransı keçirilmişdir. Konfrans Azərbaycanın Belçikadakı Səfirliyinin Böyük zalında təşkil olunmuşdur.
Tədbirdə Avropada fəaliyyət göstərən təşkilat rəhbərləri, Lüksemburq Deputatlar Palatasının sabiq üzvü, hüquqşünas Jacques Yves Henckes, ispaniyalı hüquqşünas Javier Medina Ortiz, Niderlandın "Denk" Partiyasının rəhbəri Ejder Kose, Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsi şəhər meriyası rəhbərliyinə namizəd iş adamı Müsfiq Sultanov, həmçinin Azərbaycandan və Türkiyədən qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, siyasətçilər və jurnalistlər iştirak etmişdirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.
İclasa Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının Təşəbbüs Qrupunun rəhbəri Sahil Qasımov sədrlik etmişdir.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Vaqif Sadıqov açaraq, Şuranın yaradılmasını Avropadakı diaspor təşkilatlarının birləşməsi istiqamətində mühüm hadisə kimi qiymətləndirmişdir. O, yeni qurumun Avro-Atlantik məkanında yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsində, siyasi və mənəvi birliyin gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
AAATŞ Təşəbbüs Qrupunun rəhbəri Sahil Qasımov çıxış edərək təşkilatın yaranmasının məqsədini açıqlamış, Azərbaycan cəmiyyətlərinin təşkilatlanmasının, birlik və həmrəyliyin günün tələbinə çevrildiyini vurğulamışdır.
Sahil Qasımov, həmçinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn xarici təhdidlərə və təzyiqlərə qarşı sistemli mübarizə aparmaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması və yeni transmilli lobbiçilik mexanizmlərinin qurulmasının zəruriliyindən danışmışdır.
Konfransın davamında Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının Təşəbbüs Qrupunun üzvləri və dəvət olunmuş qonaqlar çıxış etmişdirlər. Çıxışlardan sonra gündəlikdə duran məsələlər müzakirə edildi. Avro- Atlantik Azərbaycanliıarı Tərəfdaşlıq Şurasının idarə heyətinin üzvü Arzu Oqtay konfrans iştirakçılarına Şuranın nizamnaməsini təqdim etdi. Daha sonra AAATŞ rəhbər orqanlarının tərkibi səsə qoyularaq təsdiq edilmişdir.
Sahil Qasımov Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının Baş katibi seçilmiş, 15 nəfərdən ibarət idarə heyəti təsdiqlənmişdir.
Konfrans çərçivəsində Azərbaycanın Avropada dostları kimi tanınan Lüksemburq Deputatlar Palatasının sabiq üzvü Jacques Yves Henckes, ispaniyalı hüquqşünas Javier Medina Ortiz və digər diaspor təşkilatı rəhbərləri Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə "Xatirə" medalı ilə təltif edilmişdir.
Tədbirin sonunda Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının təsis konfransının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlamış, dövlət başçısına fəaliyyətində uğurlar arzulamış və onun siyasi kursuna tam dəstək ifadə etmişlər.